Pandemiya beynəlxalq yarışlarla bərabər milli çempionatlara da zərbə vurub. Onun klublara təsiri daha çox olacaq. Məsələ ondadır ki, iki cəbhədə oynayan komandalar mövsüm bərpa edildikdən sonra hansı yarışa güc qoyacağını bilmir. Futbol üzrə avrokuboklarda pley-off oyunları keçiriləcəyinə görə bu amil klublara bəlkə də ciddi təsir göstərməyəcək. Amma basketbol üzrə Avroliqada çıxış edən bəzi komandalar seçim qarşısında qalacaqlar.
Mövsüm bərpa edildikdən sonra həm milli çempionat, həm də avrokubok oyunlarının eyni vaxtda keçirilməsi komandaların çıxışına mənfi təsir göstərə bilər. Düzdür, bu sözləri hər ölkənin klublarına aid etmək olmaz. Məsələn, basketbol üzrə Litva, Yunanıstan və Rusiya çempionatları ləğv edildiyinə görə “Jalgiris, “Panatinaikos” və SSKA kimi komandalar diqqətini yalnız Avroliqaya yönəldəcək.Onlarla müqayisədə İspaniya klubları çox çətinlik çəkəcək. Məsələ ondadır ki, Avropanın ən gəlirli milli çempionatı olduğundan İspaniya Liqasının rəhbərliyi yarışı ləğv etmək fikrində deyil. Bu da o deməkdir ki, mövsüm davam etdirilsə, Avroliqada çıxış edən İspaniya klubları iki cəbhədə mübarizə aparacaq.
Artıq məsələ ilə bağlı “Barselona” etiraz səsini ucaldıb. Kataloniya radiosunun məlumatına görə, İspaniya çempionatı bərpa olunsa, komanda Avroliqanı seçərək yerli çempionatda oynamaqdan imtina edəcək. Yaxın günlərdə bu aksiyaya “Real”, “Baskoniya” və “Valensiya”nın da qoşulacağı istisna deyil. Xatırladaq ki, Avroliqa rəhbərliyi yarışları nə vaxt bərpa edəcəklərini mayın 24-də açıqlayacaq. Avroliqada qalan 6 tur oynanıldıqdan sonra pley-off mərhələsi keçirilməlidir. Klublar belə sıx təqvim əsasında oynamağa çətin ki, hazır olsunlar. Nəzərə almaq lazımdır ki, karantin dövründən sonra hazırlıq səviyyəsini bərpa etmək də asan olmayacaq.